Madrid “Real”ının braziliyalı hücumçusu Vinisius Junior futbol üzrə İspaniya çempionatında 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu La Liqanın 8-ci turunda “Vilyarreal”la ev oyununda (1:0) meydandan qovulduqdan sonra cəzalandırılıb. Vinisius qarşılaşma zamanı rəqib komandanın kanadalı yarımmüdafiəçisi Neytan Salibanı saçından dartdığı üçün qırmızı vərəqə alıb.
“Real”ın hücumçusu əvvəlcə qol vurub. Lakin baş hakim video təkrara baxdıqdan və VAR müdaxiləsindən sonra qolu ləğv edib, Vinisiusa isə birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, Vinisius Junior oktyabrın 18-də “Sevilya”, oktyabrın 25-də İspaniyanın hazırkı çempionu “Barselona”, noyabrın 1-də “Rasinq” və noyabrın 7-də “Valensiya” ilə oyunları buraxacaq.


