Basketbol üzrə Azərbaycan şempionu “Sabah” bu gün FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Lazar Spasiçin baş məşqçisi olduğu komanda A qrupunun 2-ci turunda səfərdə Türkiyənin “Trabzonspor” klubu ilə qarşılaşıb.
Trabzondakı “Hayri Gür Spor Salonu”nda keçirilmiş görüş meydan sahiblərinin 100:83 hesablı qələbəsi ilə başa çatıb.
İlk periodda rəqibinə 12:35 hesabı ilə uduzan “Sabah” ikinci periodda 30:20 hesablı üstünlük əldə etsə də, fasilədən sonra geridönüş edə bilməyib. “Trabzonspor” üçüncü periodda 21:10, sonuncu periodda isə 24:31 hesabı ilə üstün olub və yekunda qələbə qazanıb.
Azərbaycan klubunun heyətində Nikolas Perkins 25 xalla ən məhsuldar oyunçu olub. Frenki Fidlər 17, Cerri Bleyks 14, Çarlz Menninq 13, Evan Brunsma 7, Tacuan Eyci 4, Mayk Ertel isə 3 xal toplayıb.
Qeyd edək ki, Bakı təmsilçisi əvvəlki turda səfərdə Litvanın “Ritas” klubuna 73:82 hesabı ilə məğlub olmuşdu.
İki turdan sonra “Trabzonspor” 4 xalla A qrupunun lideridir. Fransanın “Nanter” və Litvanın “Ritas” komandalarının hərəsinin 3 xalı var. “Bayquşlar” isə 2 xalla sonuncu pillədə qərarlaşıblar.


