Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 19-cu tur
“Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə paytaxt klubu 1000 manat cərimə edilib. Oyun “Araz-Naxçıvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün Naxçıvan komandası 3000 manat cərimə edilib. “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilib.
“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam klubu 700 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.
“Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 500 manat cərimə edilib.


