Emre Belözoğlu paytaxt klubunun baş məşqçisi oldu

Bir neçə gün öncə “Başakşəhər”lə yollarını ayıran Emre Belözoğlu Super Liqanın digər təmsilçisi “Ankaragücü” ilə anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

43 yaşlı mütəxəssislə 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, bu postda ötən gün istefaya göndərilmiş Tolunay Kafkası əvəz edib.

Xatırladaq ki, Emre Belözoğlu 2021-ci ilin oktyabrından “Başakşəhər”ə rəhbərlik edirdi. İstanbul klubu onun rəhbərliyi altında son iki mövsümü müvafiq olaraq 4-cü və 5-ci pillələrdə başa vursa da, cari mövsümə çox pis başlamışdı. “Başakşəhər” Emrenin rəhbərliyi altında 86 oyuna çıxıb, 44 qələbə qazanıb, 21 heç-heçə edib və 21 matçda uduzub. O, daha öncə qısa müddət “Fənərbaxça”ya da rəhbərlik edib.

Tolunay Kafkas isə bu ilin mart ayından Ankara təmsilçisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 20 oyun keçirib. Bu görüşlərdə 6 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət qeydə alınıb.

Kafkas Ankara klubundan öncə “Akhisarspor”, “Kayserispor”, “Karabükspor”, “Trabzonspor”, “Qaziantepspor” klublarında da baş məşqçi kimi çalışıb, həmçinin Türkiyənin U-21 yığmasına başçılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: