“Başakşəhər”in baş məşqçisi Emre Belözoğlu və “Qaziantep”in çalışdırıcısı Erdal Güneş istefaya göndəriliblər.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Hər iki mütəxəssisin istefasına Super Liqa təmsilçilərinin 2023/2024 mövsümünə uğursuz start vermələri səbəb olub. Bu üzdən də onlarla müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Qaziantep” bu mövsüm Super Liqada 4 oyun keçirib və onların hamısından məğlub ayrılıb. Komanda 2 qol vurduğu halda öz qapısından 10 top buraxıb. “Başakşəhər” isə cari mövsümdə hələlik 3 oyun keçirib və hamısında uduzub. Bu oyunlarda qol da vura bilməyən İstanbul təmsilçisi öz qapısından 5 top buraxıb. Sözügedən kollektivlər sonuncu pillələrdə (19-20) qərarlaşıblar.
Xatırladaq ki, Emre Belözoğlu 2021-ci ilin oktyabr ayından “Başakşəhər”ə rəhbərlik edirdi. O, indiyə qədər bu komandanı 86 oyuna çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 44 qələbə qazanıb, 21 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. 42 yaşlı mütəxəssis daha öncə “Fənərbaxça”da baş məşqçi əvəzi kimi çalışıb.
Erdal Güneş isə “Qaziantep”ə elə bu mövsümün əvvəlində, may ayında baş məşqçi təyin olunmuşdu. O, komandanı cəmi 4 matça çıxarıb və hamısında uğursuz olub. Bu, 41 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk təcrübəsi idi.
Türkiyə Super Liqasında hazırda 3 oyuna 9 xal toplamış “Fənərbaxça” vahid liderdir. “Konyaspor” 8 xalla ikinci pillədə qərarlaşıbsa, “Qalatasaray”, “Beşiktaş” və “Rizəspor”un 7 xalı var.


