Ferlan Mendi yenidən zədələndi

Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yaşıl meydanlara qayıtdıqdan cəmi bir həftə sonra növbəti dəfə zədənib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı fransalı futbolçu sağ budundan zədə alıb və onun vəziyyəti ilə bağlı bərpa prosesinin müddəti sonradan müəyyənləşdiriləcək.

Mendi noyabrın 26-da UEFA Çempionlar Liqasının əsas mərhələsində “Olimpiakos”a (4:3) qarşı oyunda 90 dəqiqə meydanda olub. O, aprel ayından bəri ilk rəsmi matçına çıxmışdı.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün cəmi 1 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 202 oyun, 6 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.