Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Latviya yığmasına qarşı keçirəcəkləri yoxlama matçından gözləntisini açıqlayıb.
Arena.az xəbər verir ki, Latviya və Azərbaycan yığmaları sabah Riqada üz-üzə gələcəklər.
Bu gün millimizin portuqal baş məşqçisi Fernando Santos və kapitan Emin Mahmudov jurnalistlər önünə çıxaraq, qarşıdakı oyunla bağlı düşüncələrini dilə gətiriblər. Komandasının hazırlığını dəyərləndirən Fernando Santos bunları söyləyib:
“Təlim-məşq toplanışının əvvəlindən futbolçular özlərini çox yaxşı tərəfdən göstərirlər. Onlardan nələr tələb etdiyimi başa düşürlər. “Qarabağ” və “Sabah”ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq.
Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram.
Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq”.
Emin Mahmudov isə bunları dilə gətirib:
“Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır”.
Qeyd edək ki, sabah Riqadakı “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.



