Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 17-ci turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.
O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Filip Ozobiçin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.
Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.
Filip Ozobiç 2023-cü ilin iyun ayında “Qarabağ”dan azad agent kimi ayrılaraq “Neftçi”yə keçib. Əslən Xorvatiyadan olan 32 yaşlı futbolçunun “ağ-qaralar”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Ozobiç paytaxt klubunun heyətində meydana çıxdığı 48 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə verib.
Ozobiç 2018-ci ilin iyul ayından “Neftçi”yə keçənə qədər də “Qarabağ”ın uğurları üçün çalışıb. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 151 matça çıxıb, 42 qol vurub və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi “Qarabağ”dan öncə iki il “Qəbələ”nin də formasını geyinib (70 oyun, 24 qol və 10 məhsuldar ötürmə).
Milli komandamızın sabiq üzvü “Slaven” (Belupo), “Spartak” (Moskva), “Hayduk” (Split) kimi klubların da uğurları üçün çalışıb.
Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, yığmamızın heyətində 10 oyun keçirib, 1 qol vurub.