Halil Umut Meler ittiham etdi, Emre Belözoğlu cavab verdi

Türkiyəli hakim Halil Umut Meler “Ankaragücü”nün baş məşqçisi Emre Belözoğlu haqqında ağır ittihamlar səsləndirib.

Arena.az xəbər verir ki, Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” oyunundan sonra baş verən hadisələrlə bağlı danışan zaman referi, əsas səbəbkarlardan birinin Emre olduğunu bəyan edib.

O, Belözoğlunu “təxribatçı” adlandırmaqdan da çəkinməyib: “Matçın final fitini çaldıqdan sonra futbolçular gəlib təşəkkür edib, təbrik etdilər. Bu arada Emre Belözoğlunun əlini və qollarını gördüm. Həmin vaxt rəqib məşqçi İlhan Palut onu tutdu. Biz diqqətimizi oraya cəmləyəndə, hərəkəti törədən şəxs sol gözümə yumruq vurdu. Bundan sonra nə baş verdiyini xatırlamıram. Yadımda deyil, çünki mən yerdə zərbələr alırdım. Nə polis, nə də nümayəndələr bunu gözləyirdilər. Bu, gözlənilməz bir vəziyyət idi. Bu vəziyyəti təhrik edən isə baş məşqçi idi. Başqa heç kim deyildi. Bu açıq-aydın görünən bir şeydir.

Emre Belözoğlu məndən üzr də istəmədi. Sübut etsin, “mən mesaj göndərdim” desin… Amma indiyə kimi xəbəriniz varsa, iki gün əvvəl verdiyi müsahibədə də heç bir şey demədi. Kədərli olduğunu deyir, amma nəyə kədərlidir? Zorakılıq edənin bu vəziyyətə düşməsinə görə kədərlidir? Yoxsa bu vəziyyəti özü etdiyi üçün kədərlidir? Yoxsa mənim şiddətə məruz qaldığım üçün kədərlidir?”.

Emre ittihamlara belə cavab verdi

Emre Belözoğlu da bu iddialara cavab verib. O, ittihamları qəbul etməyib:

“Hadisəni eşidən kimi Halil Umut Melerin yanına gedib onu qucaqladım. Baş verənlərə görə dəhlizdə ondan 3 dəfə üzr istədim. Sonra ona zəng etdim, cavab vermədi, istirahətdə olduğu üçün köməkçisi ilə danışdım. Hakim köməkçisi mənə dedi ki, “Şahidəm, dəhlizdə yanımıza gəldiniz, bizə dəstək oldunuz. Yerdə vuranlara isə “Hanı sizin şərəfiniz?” deyə qışqıraraq reaksiya verdiniz”. O da mənə təşəkkür etdi.

14 matçımda birinci hakim olub. Heç bir hadisəmiz olmayıb. Yaxşı şeyləri xatırlamağa çalışırıq, kin gətirəcək hadisələri unutdurmağa çalışan insanam. Təəssüf ki, həyatım boyu hərəkətin ortasında ani qərarlar verməklə həmişə pis insan olmuşam. Mən heç bir planla matça çıxmamışdım. Məni sevən hər kəs bilir ki, öz işimi özüm edirəm, heç kimdən istifadə etmərəm. Hörmətli prezidentimiz də kiminsə tapşırığı ilə iş görən biri deyil.

Halil Umut Meler nə ailəsindən, nə də özündən üzr istədiyimi bildirib. Tezliklə mənim ondan üzr istədiyimin görüntüləri ortaya çıxacaq. Futbol heç kimin ailəsindən önəmli deyil. İnşallah, ailəsi ilə sağlam və xoşbəxt həyat sürər. Amma çox tələsdi. Matçdan sonra yaxın dostları vasitəsilə əlaqə saxlamağa çalışdım və telefonla zəng etdim. Mənə dedilər ki, “məşğuldur”.

Meler təxribatdan danışıb. Əgər nə vaxtsa öz matçlarına baxsa, bizim təxribatçı tərəf olmadığımızı açıq şəkildə görə bilər. Bu matçda təxribata dair heç bir hərəkət etməmişəm. Meydanda hər bir futbolçu və məşqçinin qarşılıqlı davranışını təxribat kimi təqdim etməyə çalışmaq həqiqətdən uzaqlaşmaqdan başqa bir şey deyil. Gülməli də deyil. Çox üzücüdür. Yaşadığı hissi anlamağa, kömək etməyə çalışan biri olaraq, mən də inciyirəm”.

Nəsə etmək istəyən kabinədəki həmkarının yanına getmir. Bu, onun haqlı olduğuna inansa idi belə, bir müsahibə verməməli idi. Həqiqətin bir gün üzə çıxma vərdişi var”.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: