Madrid “Real”ının Fransadan olan sabiq hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Arena.az xəbər verir ki, “Əl-İttihad” ulduz futbolçunun keçidini rəsmən açıqlayıb.
Bu gün Səuddiyyə Ərəbistanına yollanaraq rəsmi müqaviləyə imza atan 35 yaşlı hücumçunun sözləşməsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
Daha əvvəl, Kərimin 2 illik müqavilə müddətində ərəb klubundan 200 milyon avro məvacib alacağı məlum idi. Amma tərəflər 3 illik sözləşməyə imza atıblar.
“Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionu adını qazanıb, komanda Kristiano Ronaldonun “Əl-Nəsr”ini qabaqlayıb.
Xatırladaq ki, Benzema ərəb klubunun sərfəli təklifi müqabilində “Real”dakı 14 illik karyerasına xitam vermək qərarına gəlib.
Kərim Benzema 2009-cu ildən “Real”da çıxış edirdi. O, Madrid təmsilçisinin heyətində 648 oyun keçirib, 354 qol vurub və 165 məhsuldar ötürmə verib.
35 yaşlı hücumçu Madrid klubu ilə 25 kubok qazanıb ki, bu da rekord göstəricidir. Fransız futbolçunun hesabında 5 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 Avropa Super Kuboku, 4 La Liqa, 3 Kral Kuboku və 4 İspaniya Super Kuboku var. Beznema həm də 2022 mövsümünün “Qızıl top” mükafatının sahibidir.
Kərim “Real”dan öncə yalnız yetirməsi olduğu Lion “Olimpik”inin formasını geyinib. O, Liqa 1 təmsilçisində də 148 oyun keçirib, 66 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu Fransa millisində 97 oyun keçirib, 37 qola imza atıb.



