Kristof Qaltye istefaya göndərildi

Futbol üzrə Fransa çempionatının 2022/2023 mövsümünün qalibi olan PSJ-nin baş məşqçisi Kristof Qaltye istefaya göndərilib.

Arena.az “Le Parisien”ə istinadən xəbər verir ki, bu barədə bu gün, iyunun 6-da PSJ-nin idman direktoru Luis Kampos bildirib.

Qaltyenin parislilərlə cari müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulmuşdu. Lakin klub rəhbərliyi komandaya daha güclü baş məşqçi gətirməyə qərar verdiyi üçün, onunla yollarını ayırıb.

56 yaşlı mütəxəssisinin rəhbərliyi altında PSJ Fransa çempionluğunu və super kubokunu qazanıb. Amma komanda UEFA Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırmışdı.

Maraqlıdır ki, Fransa nəhəngi ötən yay Maurisio Poçettinonun rəhbərliyi altında da ölkə çempionu olmasına baxmayaraq, baş məşqçisini istefaya göndərmiş və onu Qaltye ilə əvəz etmişdi. Həmin vaxt da istefaya komandanın UEFA Çempionlar Liqasında uğur qazana bilməməsi səbəb göstərilmişdi.

56 yaşlı Kristof Qaltye 2022-ci ilin yayından Paris komandasının sükanı arxasında idi. O, bu komandanı bütövlükdə 50 matça çıxarıb. Parislilər bu görüşlərdə 34 qələbə qazanıblar, 6 heç-heçə edib, 10 məğlubiyyətə üzülüblər.

PSJ-nin Qaltyenin əvəzinə 2022/2023 mövsümündə “Bayern”dən qovulan Yulian Nagelsmanı baş məşqçi postuna gətirəcəyi bildirilir. 35 yaşlı mütəxəssis 2021-ci ilin yayından 2023-cü ilin martına qədər “Bayern”i çalışdırıb. O, mövsümün gedişində klbuda aparılan təcili islahatlar nəticəsində istefaya göndərilib.