“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci raundunda “Makkabi”yə (Hayfa) qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, səfərdə bu rəqibinə 3:0 hesabıyla qalib gəlmiş Azərbaycan təmsilçisi doğma meydanda İsrail klubuna 3:6 hesabıyla uduzub.
Qalib isə penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Sabah” 3:2 hesabıyla qalib gələrək növbəti mərhələyə adlayıb.
Oyundan sonra jurnalistlər önünə çıxan Krunoslav Renduliç dramatik qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu oyundan qabaq heç kəs bizə bir faiz də şans vermirdi. İlk anlardan inanırdım ki, maksimumumuzla oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, “Makkabi” bu gün bizdən daha yaxşı idi. Bir oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq iki matçda favorit komandaya qalib gəlmək çox çətindir. Lakin biz bunu etdik. Oyunçularımı təbrik edirəm, qəhrəmandırlar, aslanlar kimi döyüşdülər. Nəticədə də güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik.
Altı qol buraxmışıq, amma biz də altı qol vurmuşuq. İki matçda biz altı qol vurduq. İki oyundan sonra biz mərhələni keçdik. Heç kəs bizim mərhələdən öncə rəqibi keçəcəyimizə şans vermirdi. Amma biz inanırdıq. Oyundan öncə komandama inanırdım. Məğlubedilməz komanda yoxdur. “Real” da uduzur.
Müdafiəni sadəcə arxada oynayan 4 futbolçuya bağlamaq istəmirəm. Bütün komanda müdafiə olunmalıdır. Biz bu gün müdafiədə çox pis idik. Ən azından bir müdafiəçi gətirmək istəyirik. Çünki üç cəbhədə mübarizə aparacağıq. Bu haqda düşünürük”.
Barak Baxar: “Sabah”ı ciddi rəqib sayırdıq”
“Makkabi”nin baş məşqçisi Barak Baxar da mətbuat konfransında öz fikirlərini paylaşıb:
“Vəziyyəti dəyişə bilərdik. Amma olmadı. Penaltilərlə uduzduq. Özümü çox ümidsiz hiss edirəm. “Sabah”ı mərhələ adlaması münasibətilə təbrik edirəm. Rəqibi ciddi komanda kimi qəbul edirdik. Mərhələ adlamamağımız rəqibi ciddiyə almamağımızla bağlı deyil”.