Fransa Liqa 1-in təmsilçisi “Lill”in keçmiş futbolçusu, mərkəz müdafiəçisi Valentin Poreye 20 yaşında dünyasını dəyişib.
Sports.az məlumat verir ki, gənc futbolçu noyabrın 12-də vəfat edib, bu haqda xəbər isə bir qədər sonra rəsmiləşib.
Fransa klubu bu barədə rəsmi bəyanatla çıxış edib:
“Lill” keçmiş oyunçusu Valentin Poreyenin 20 yaşında vəfat etdiyini öyrənərək kədərləndi. Valentin 2018-2020-ci illər arasında U-16 komandasında oynamış gənc müdafiəçi idi. Klub onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – klubun bəyanatında deyilir.
Hazırda Valentin Poreyenin ölümünün səbəbi rəsmən açıqlanmır.
2023-cü ildə Valentin Poreye Marketinq və İdman Tədbirləri üzrə bakalavr proqramına daxil olmuşdu. Vurğulayaq ki, futbolçunun komandadakı statistikası haqda məlumat kasadlığı var. “Transfermarkt” internet-portalı Poreyenin 2019/2020 mövsümündə, 2020-ci ilin yanvarında “Lill”in yeniyetmələrdən ibarət komandasını azad agent qismində tərk etdiyini göstərir.



