“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov komandamızın Avropa Liqasındakı zəfərindən danışıb.
Arena.az məlumat verir ki, Smirnov “Qarabağ”ın Avropa Liqasının 1/16 final mərhələsində “Braqa” üzərində qazandığı səfər qələbəsini (4:2) “Çempionat” dərgisinin müxbiri Vladimir Çetveriklə söhbətində şərh edib:
“Andrey Lunyovu və “Qarabağ”ı “Braqa” üzərində qazandıqları qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Rahatlaşmaq olmaz, çünki hər şeyin həll olunacağı ikinci oyun var. Amma bütün futbol dünyası müvafiq nəticəni gözləmirdi. Düşünürəm ki, bu, bütün ötmüş avrokubok günlərində ən gözlənilməz nəticədir.
“Qarabağ” xüsusilə ikinci hissədə heyranedici oyun nümayiş etdirdi. Əks-hücumlarda nümunəvi oyun idi. Bütün oyun ərzində “Braqa”ya bircə dəfə də yüz faizlik qol imkanı yaratmağa icazə vermədilər. Buraxılmış birinci qol məqamında isə ümumiyyətlə, özlərinin təqsiri oldu, qapıçı meydançasından iki zərbəyə fürsət verdilər. Çempionatda Avropanın ilk altılığı arasında dördüncü yeri tutan komanda ilə səfərdə belə oyun “Qarabağ”ın səviyyəsinin göstəricisidir”.
Smirnov bu oyunda iki qol buraxmış Lunyovun çıxışına da qiymət verib: “Birinci hissədə Andreyin azacıq əsəbi olduğu sezilirdi və xətaları vardı. İkinci hissədə isə o, təshih oldu. Hazırlandı, kökləndi, əsəbiliyi keçdi. Və tamamilə qüsursuz oynadı. Nəticədə komandada ən yüksək qiymətlərdən birini aldı”, deyə Lunyovun agenti bildirib.
Xatırladaq ki, “Qarabağ” cavab oyunu çərçivəsində “Braqa”nı fevralın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.


