“Mançester Yunayted” Lisandro Martines şoku

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, Argentinadan olan 25 yaşlı mərkəz müdafiəçisi Avropa Liqasının 1/4 finalında “Sevilya”ya (İspaniya) qarşı keçirdikləri ilk oyunda ağır zədə alıb.

Matçın sonlarında ayağı sınan futbolçu üçün cari mövsüm artıq bitib. Onun ən yaxşı halda növbəti mövsümün əvvəlində yaşıl meydanlara qayıdacağı ehtimal olunur.

“Sevilya” ilə matçda zədə alan “qırmızı şeytanlar”ın digər mərkəz müdafiəçisi Rafael Varan da bir müddət komandasına kömək edə bilməyəcək. Klubdan verilən məlumata görə, fransız futbolçu bir neçə həftə müalicə almalıdır.

Xatırladaq ki, 29 yaşlı Varan cari mövsümdə bütün turnirlər daxil olmaqla “qırmızı şeytanlar”ın heyətində 30, Martines isə 45 oyuna çıxıb.

“Mançester Yunayted”də daha bir müdafiəçi – Luk Şou da zədədən əziyyət çəkir. Həmçinin Markus Raşford, Skot Maktominey, Donni van de Bek, Alexandro Qarnaço kimi futbolçular da zədə səbəbindən komandaya kömək edə bilmir.

Lisandro Martines bu mövsümün əvvəlindən “Mançester Yunayted”də çıxış edir. Argentina millisinin üzvü 2022-ci ilin iyulunda “Ayaks”dan 57.37 milyon avro qarşılığında Premyer Liqa klubuna keçib. O, bu komandada 45 oyuna 1 qol da vurub. Lisandro Argentina millisində 16 oyun keçirib.

Rafael Varan isə “Mançester Yunayted”ə 2021-ci ilin avqust ayında İspaniyanın “Real” klubundan (40 milyon avroya) gəlib. Fransa yığmasının üzvü İngiltərə klubunun heyətində bütövlükdə 59 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa yığmasında da 93 matçda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın