İtaliya yığmasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının İspaniya ilə yarımfinal oyunu öncəsi fikirlərini bölüşüb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mançini komandasının turnirin final mərhələsinə yüksəlməsinin böyük nailiyyət olduğunu qeyd edib:
“Əvvəla, final turnirinə qayıtmaq böyük nailiyyətdir. Qrup mərhələsində Almaniya, İngiltərə, Macarıstan kimi güclü rəqiblərimiz vardı. Biz finala yüksəlmişik və hamı kimi qalib gəlmək istədiyimiz aydındır. Ancaq bu, asan olmayacaq. Kadr seçimi etməli oldum. Təəssüf ki, kimsə göyərtədən kənarda qaldı, amma burada olan bütün uşaqlar buna layiqdirlər”.
Xatırladaq ki, İtaliya yığması UEFA Millətlər Liqasının yarımfinal oyunu çərçivəsində İspaniya yığması ilə qarşılacaq. Bu gün keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Qalib gələcək komandanı Xorvatiya ilə final oyunu gözləyir. Məğlub olacaq komanda isə 3-cü yer uğrunda oyunda “Dördlər finalı”na ev sahibliyi edən Niderlandla qarşılaşacaq.



