Antonio Rüdiger: “Qayıdışımın səbirsizliklə intizarındayam”

Almaniya millisinin və Madrid “Real”ının 32 yaşlı mərkəz müdafiəçisi Antonio Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır.

Arena.az 32 yaşlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Qayıdışımın səbirsizliklə intizarındayam. Şadam ki, komandamızda hər şey qaydasındadır və Allaha şükür ki, zədəlilər elə də çox deyil”, deyə Rüdiger vurğulayıb.

Xatırladaq ki, Rüdiger zədəlilərinin sayının az olduğunu desə də, “Real”da hazırda onunla yanaşı, Dani Karvaxal, Eduardo Kamavinqa, Orelyen Tçuameni, Federiko Valverde və Franko Mastantuono da zədədən əziyyət çəkir.

Antonio özü isə cari mövsümdə cəmi 1 oyuna çıxıb və zədə səbəbindən xeyli müddətdir komandasına kömək edə bilmir.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq qeyd etdiyimiz kimi, cari mövsümdə Rüdiger “Real”ın heyətində cəmi 1 oyuna çıxıb. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 157 oyun, 7 qol, 4 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 81 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: