Stiven Cerrard: “Jorje Jezus işdən çıxarılmasına hökm imzaladı”

Stiven Cerrard Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə baş məşqçi Jorje Jezus arasındakı münaqişəyə münasibət bildirib.

Arena.az xəbər verir ki, İngiltərə futbolunun tanınmış siması olan “Liverpul”un sabiq kapitanı bu qarşıdurmanın baş məşqçinin istefası ilə nəticələnəcəyini düşünür.

41 yaşlı Ronaldo yaydığı rəsmi açıqlamada Jezusla fikir ayrılığının detalları barədə danışıb. Portuqaliya millisinin kapitanı baş məşqçinin ona verdiyi sözü iki dəfə pozduğunu vurğulayıb.

Stiven Cerrard sözügedən münaqişə barədə bunları söyləyib:

“Fikrimcə, Jorje Jezus indicə öz işdən çıxarılmasına hökm imzaladı. Ronaldo çox böyük fiqurdur, güclü qüvvədir, bütöv bir millətdir. Millətlə zarafat etmək olmaz. Eyni şey Erik ten Haqın “Mançester Yunayted”də başına gəldi və onun karyerası həmişəlik məhv oldu.

Futbolçularınıza onlar sizə məşqçi kimi hörmət etdikləri qədər hörmət etməlisiniz. Düşünürəm ki, Ronaldo ilə Jezus arasındakı münasibətlərdə problem məhz bu idi. Ona ən yaxşısını arzulayıram, amma bilirəm ki, bütün bunlar Jorje Jezus üçün yaxşı nəticələnməyəcək”, – deyə Cerrard bildirib.

Cerrardın Erik ten Haqla bağlı müqayisəsi 2022-ci ilin payızında yaşanan hadisələrə aiddir. Həmin vaxt Ronaldo britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə “Mançester Yunayted”in niderlandlı baş məşqçisinə hörmət etmədiyini açıq şəkildə bildirmişdi. Portuqaliyalı futbolçu bunun səbəbini qarşılıqlı hörmətin olmadığını düşünməsi ilə əlaqələndirmişdi.

Bu müsahibədən qısa müddət sonra “Mançester Yunayted” Ronaldo ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: