“Turan Tovuz” Bolqarıstandan olan hücumçusu Martin Petkov ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubu mətbuat xidməti vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi Petkova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Martin Petkov “Turan Tovuz”a bu mövsümün əvvəlində Bolqarıstanın “Septemvri” (Sofiya) klubundan azad agent kimi ayrılaraq keçmişdi. 21 yaşlı bolqar forvard “Turan Tovuz”un heyətində 16 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Petkov Sofiyanın daha məşhur “Levski” klubunun yetirməsidir. O, bu komandada meydana çıxdığı 68 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Slaviyanın digər məşhur klubu “Slaviya”da da oynamış hücumçu bu komandada 13 oyuna 1 qol vurub, 1 assist edib. Onun “Septemvri” karyerası isə 28 oyun, 4 qol və 4 assistdən ibarətdir.
Petkov Bolqarıstanın U-16, U-17, U-18, U-19 yığmalarında oynayıb. 2021-ci ildən isə o, ölkəsinin gənclərdən ibarət millisində forma geyinir – 11 oyun, 1 qol.
“Turan Tovuz” daha öncə Sərtan Taşkınla da yollarını ayırmışdı. Azərbaycan millisinin üzvü Türkiyənin “Manisa” klubuna keçib. Səbayıl Bağırov isə Birinci Liqa klubu “Şamaxı”ya icarəyə verilib. O, bu mövsümün sonunadək icarədə olacaq.
Gedənlərin əvəzində Tovuz klubu Aleks De Souza Alkantaranı transfer edib (“Hegelman”, Litva), İsmayıl Zülfüqarlı və Fərid Yusiflini (hər ikisi “Neftçi”) icarəyə götürüb.