Fransa nəhəngi PSJ-nin qapıçısı, Rusiya millisinin də üzvü olan Matvey Safonov Paris klubundakı vəziyyəti haqda açıqlama verib:
Arena.az rusiyalı qapıçının bu barədə fikrini təqdim edir:
“Yeni komandaya köçdüyüm anda çətinliklərin olacağı aydın idi. Cari mərhələ – bu, mənim üçün çox maraqlı və yeni təcrübədir. Həmişə hər şeyə hazır olmaq gərəkdir, axı nəyin baş verəcəyini kimsə bilmir”, deyə Safonov vurğulayıb.
Məşhur rusiyalı mütəxəssis Yuri Syomin də Safonovun Paris klubuna uyğunlaşması haqda qənaətini ifadə edib. Vaxtilə Azərbaycanda “Qəbələ”yə rəhbərlik etmiş rus mütəxəssisin bu barədə fikrini təqdim edirik:
“Dilin öyrənilməsi – uyğunlaşmanın ən uğurlu amillərindən biridir. Əgər Safonov fransızca müsahibə verirsə, deməli o, artıq digər futbolçularla birlikdədir. Düşünürəm ki, cari mərhələdə Safonovun uyğunlaşma baxımından işləri yaxşı gedir”, deyə Syomin vurğulayıb.
Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Safonov cari mövsümdə PSJ-nin heyətində 10 oyuna çıxıb. O, bu oyunlarda 6 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.
“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.
Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


