PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari oğlunun növbəti mövsümdə də Paris klubunda oynamağa davam edəcəyini bildirib.
Arena.az bu barədə “Relevo”ya istinadən xəbər verir.
Lamari oğlunun 2024-cü il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığmasının Cəbəllütariq yığması ilə qarşılaşdığı (3:0) oyununa baxıb. Fasilə zamanı azarkeşlərdən biri qadına yaxınlaşaraq Mbappeni “Real”da görmək istədiyini bildirib. Xanım Lamari azarkeşin istəyinə təbəssümlə cavab verib: “Paris, Paris, Paris”.
Daha əvvəl məlum olmuşdu ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsinin avtomatik yenilənməsinə qol qoymayıb. Bu, növbəti mövsümün sonunda Mbappenin azad agentə çevrilməsi deməkdir. Hücumçunu havayı itirmək istəməyən PSJ Mbappenin satışında maraqlıdır. Buna rəğmən, Mbappe qarşıdakı mövsümü PSJ-də keçirəcəyini bildirib.


