Türkiyənin “Fənərbağça” komandasının portuqaliyalı baş məşqçisi Joze Mourinyo növbəti qalmaqallı addımı ilə hər kəsi təəccübləndirib.
Məlum olduğu kimi, ötən gün keçirilmiş Türkiyə Kubokunun 1/4 finalının “Fənərbağça” – “Qalatasaray” oyunu “Cimbom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Arena.az xəbər verir ki, “Şükrü Saracoğlu”dakı İstanbul derbisi həmişə olduğu kimi gərgin keçib. “Qalatasaray”ın nigeriyalı hücuçumçusu Viktor Osimhen 10-cu dəqiqədə hesabı açıb, 27-ci dəqiqədə isə penaltidən vurduğu qolla “Cimbom”un üstünlüyünü iki topa çatdırıb. “Fənər” 45+2-ci dəqiqədə polyak yarımmüdafiəçi Sebastian Şimanski ilə hesab arasındakı fərqi azaltsa da, oyunda daha qol olmayıb.
Hakim hər iki komandanın futbolçularına iki qırmızı fərəqə göstərib. “Fənər”dən Fred və Mert Yandaş, “Cimbom”dan isə Barış Yılmaz və Kərəm Demirbay meydandan qovulublar.
İstanbul derbisindən sonra “adət üzrə” mübarizə meydandankənar müstəviyə keçib. “Fənərbağça”nın portuqal baş məşqçisi Joze Mourinyo şakəri üzrə dava salıb, aranı qatıb. Oyundan sonra əl-qol atması ilə diqqət çəkmiş “Mour”, “Cimbom”un baş məşqçisi Okan Buruka arxadan yaxınlaşaraq, gözlənilmədən türk mütəxəssisin burnundan yapışıb. Qəfil hoqqadan karıxmış Buruk ağrıdan özünü yerə atıb, üstəlik, mənzərəyə rəng qataraq, ot örtüyü üzərində qıvrılmağa başlayıb. Bu azmış kimi, “Mour” köməkçilərinin də “açarlarını buraraq, işə salıb” ortaya buraxıb ki, aralığı qarışdırsınlar. Nəticədə bu biabırçılıq həm “Mour”un və həm də portuqal mütəxəssisin köməkçiləri – Salvatore Foti və Sandro Zufiçin qırmızı vərəqələrlə “qızardılmasına” səbəb olub.
Stadionun təhükəsizlik xidməti çətinliklə də olsa, tərəfləri ayıra bilib.
Yarıminala yüksəlmiş “Qalatasaray” aprelin 22-də “Konyaspor”la qarşılaşacaq.
Əlavə edək ki, Mourinyo oyunsonrası mətbuat toplantısına da qatılmaması ilə diqqət çəkib.


