“Napoli” Lobotkanı da itirdi

Futbol üzrə İtaliya çempionu “Napoli” daha bir futbolçusunun – yarımmüdafiəçi Stanislav Lobotkanın da xidmətindən məhrum olub.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, slovakiyalı futbolçu zədə səbəbindən sıradan çıxıb. O, komandanın zədəlilər siyahısında yer almış Andre-Frank Zambo Anqissa və Kevin de Bröyneyə qoşulub.

Lobotka İtaliya Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Kalyari”yə qarşı keçirdikləri matçda xəsarət alıb. Zədənin çox ciddi olmamasına baxmayaraq, onun qarşıdakı həftəsonu “Yuventus”la baş tutacaq görüşü buraxacağı demək olar ki, dəqiqdir.

Daha uzunmüddətli vəziyyətlə bağlı isə hələlik dəqiq proqnoz vermək çətindir. Lobotkanın agenti bir müddət əvvəl futbolçunun Konte ilə işləməyin çətin olduğuna işarə edən açıqlamalar da vermişdi.

Xatırladaq ki, “Napoli” “Kalyari” ilə oyunda penaltilər seriyasında qalib gələrək 1/4 finala vəsiqə qazanıb.