“Neftçi” braziliyalı hücumçu ilə gücləndi – VİDEO

Azərbaycan çempionu “Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı hücumçu Ramon Maçadonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Ağ-qaralar”la 30 yaşlı futbolçu arasında 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Ramon Maçadonun sonuncu iş yeri “Brazil de Pelotas” klubu olub. O, karyerası ərzində “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da forma geyinib.

Yeri gəlmişkən, “Neftçi” PFK futbolçu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb. Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/21 mövsümündə Azərbaycan çempionu olub.

Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.