Okan Buruk: “Derbidə penaltimiz verilmədi”

Super Liqanın 18-ci turunun “Fənərbaxça” – “Qalatasaray” matçından sonra baş məşqçilər İsmail Kartalla Okan Buruk fikirlərini bölüşüblər.

Arena.az xəbər verir ki, “Fənərbaxça”nın meydanında baş tutan İstanbul derbisi qolsuz başa çatıb.

Oyundan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk bunları dilə gətirib:

“Oyundan əvvəl bura qələbə qazanmaq üçün gəldiyimizi demişdim. Qol epizodları az oldu. Halbuki, daha çox qol vəziyyətləri yarada bilərdik. İlk yarı futbolçumuzun sifətinə vurulan bir yumruq vardı. Dəqiq bir yumruq vardı. Penalti olmalı idi deməyəcəyəm. Penalti fərqli olur, penalti epizodu fərqli. Sadəcə, dəqiq bir yumruq zərbəsi vardı. Sizi də tənqid edəcəyəm (Super Liqanı yayımlayan telekanalı nəzərdə tutur – red.). Mövqenin tam göstərilməməsi sizin probleminiz idi. İnsanlar epizodu tam görə bilmədilər. Bunu hakimlə əlaqələndirmək istəmirəm, çünki biz də tam istədiyimiz oyunumuzu göstərə bilmədik. Amma dəqiq bir penaltımız verilmədi. Rəqib oyunçu futbolçumuza yumruq vurur, amma hakim hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırır. Gülməli alınır. Super Liqanın təqvim planlaması çox mənasızdır. Üst-üstə iki derbinin salınması çox mənasızdır. Liqanın ən çox zədə görmüş komandasını qısa vaxtda iki dəfə oynatmaq çox mənasızdır”.

Xatırladaq ki, “Qalatasaray”la “Fənərbaxça” qarşıdakı günlərdə Türkiyə Super Kuboku çərçivəsində təkrar üz-üzə gələcəklər.

“Fənərbaxça”nın çalışdırıcısı İsmail Kartal isə qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib: “Öz stadionumuzda qalibiyyət üçün mübarizə apardıq. Birinci yarıda tez vurulan qollarla oyunu lehimizə çevirməyi düşünürdük. İkinci yarıda İsmayılı oyuna qataraq matça hərəkət qatmaq istədik. Fasilədən sonra rəqibə daha yaxın və basqılı oynadıq. Bir neçə qol ola biləcək epizodumuz var idi. Hər iki komanda bu gün yaxşı mübarizə apardı. Belə oyunlarda qazana bilmirsənsə, ən azından uduzmayacaqsan. Liderik. Qarşıda Super Kubok oyunu var. Super Kubok matçı fərqli olacaq. O oyundakı strategiyamız da tamam fərqli olacaq. Oyun planımızı tək matç üzərindən quracağıq”.

Xatırladaq ki, 18 turdan sonra hər iki komandanın hesabında 44 xal var. Sadəcə, “Fənərbaxça” daha yaxşı göstəricilərə görə zirvədə qərarlaşıb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: