Qurban Qurbanov: “6 qol vurub, qol buraxmamaq yaxşı nəticədir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya təmsilçiləri arasında bu gün Reykyavikdə baş tutmuş cavab qarşılaşması da ilk oyunda olduğu kimi, “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Yaxşı oyun alındı. Uzun yol qət etməyimizə baxmayaraq, qalibiyyət çox vacib idi. İki matçda 6 qol vurmaq və qol buraxmamaq yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm. Qarşıda bizi CSKA ilə oyunlar gözləyir. Sabahdan etibarən Bolqarıstan təmsilçisi ilə yaxından maraqlanacağıq. Bu rəqiblə görüşə daha yaxşı hazırlaşmağa çalışacağıq. Buna vaxtımız olacaq. Növbəti qarşılaşmaya qədər daha yaxşı forma yığacağımıza inanıram. Fürsətdən istifadə edərək, avrokuboklarda mərhələ adlayan digər təmsilçilərimiz “Sabah” və “Zirə”ni də təbrik edirəm. Azərbaycan klubları 6 oyunun hamısında qələbə qazandılar. Bu, əmsallarımızın artmasına gətirib çıxarır. Komandalarımıza qarşıdakı mərhələlərdə uğurlar arzulayıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: