“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün oyundan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer”in üstün cəhətlərinin qarşısını almalıyıq. Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. “Bayer”ə qarşı həddən artıq dinamik çıxış etməliyik. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”.
Baş məşqçi Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: “Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.
Qurban Qurbanov mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: “Ötən mövsüm Avropa Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün “Bayer”i saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.
“Bayer” “Frayburq”dan da üstündür”
Mətbuat konfransında iştirak edən “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə də fikirlərini bölüşüb:
“Sabah bizi maraqlı oyun gözləyir. Rəqibin gücündən danışmağa ehtiyac duymuram. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik. Kompakt oyun göstərməyimiz lazımdır. Almaniya klubları taktiki savadları və intizamları ilə seçilirlər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyununa saat 21:45-də start veriləcək.


