“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Molde”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Norveç təmsilçisinə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularım bu gün qələbəni çox istəyirdilər. Bundan bir az narahat idim. Onlara təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qələbə əldə etdik. Sona kimi tempi qorudular. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi.
Əminəm ki, dünənki zəfərin bu oyunumuza müsbət təsiri oldu. Çox sevincli, rahat idilər. Qalib gəlsək də, səfərdəki matçda rəqib bizə böyük sürpriz edə bilər. Hər şeyə hazır olmalıyıq. Bu oyun bizi aldatmalı deyil. Dəfələrlə olub ki, hansısa komanda avrokuboklardakı ilk oyunda qələbə qazanandan sonra ikinci görüşdə uduzub. Qarşıdakı matçlarda daha keyfiyyətli çıxış etməyə çalışacağıq”.
Qurban Qurbanov qapıçı Andrey Lunyovun çıxışına da münasibət bildirib: “Təcrübəli qapıçıdır. Belə atmosferdə çox çıxış edib. Lunyovun təcrübəsi bu cür qarşılaşmalarda bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Uzun illər idi az oynamışdı. Luka Quqeşaşvili də çox yaxşı formada idi. Amma Lunyovu oynatmağı qərara aldıq. O da təcrübəsindən yaxşı faydalandı”.
“Heyətdə böyük dəyişiklik olsa da, istəyi qoruyub saxlaya bildik”
Təcrübəli mütəxəssis “23-lüy”ə salınmayan Redon Cicanın yoxluğu və start heyətində yer alan Maksim Medvedevin çıxışı barədə də fikirlərini bölüşüb: “Cica dünənki məşqdə zədələndi, ayağında problem oldu. Halbuki bu gün sanki ona ehtiyac var idi. Marko Veşoviçə gəlincə, hələ komandaya qoşulmayıb, fərdi qaydada məşq edir. Bəlkə 20 gün və ya bir aya yaşıl meydanlara qayıda bilər. Maksim Medvedev bu gün öz təcrübəsindən istifadə etdi və yaxşı oynadı”.
Qurban Qurbanov qol epizodlarının çox olduğunu söyləyib: “Qol epizodlarımız çox oldu. Bu turnirdə vurulan və buraxılan hər qolun sonda təsiri ola bilər. Vacib olan 3 xal qazanmaq idi. Neçə qol vurmağa yox, qələbəyə hazırlaşmışdıq. Həmişə ehtiyatlı danışmağa çalışırıq. Futbolda düşünülməmiş nəticələr də olur. Bu gün heç-heçə də qeydə alına bilərdi. Məsələn, autdan topu düz qapının ağzına ata bilirlər. Mənim üçün komandamın oyunu vacibdir. Heyətdə böyük dəyişiklik olsa da, istəyi qoruyub saxlaya bildik. Mənim üçün vacibi budur. “Çelsi” Çempionlar Liqasını qazananda ən zəif mövsümü idi, heç kim gözləmirdi. Biz də bu qələbə ilə arxayınlaşmamalıyıq. Hər oyun gərgin keçir. Proqrama uyğun hər görüşə lazım olduğu qədər hazırlaşacağıq. Futbol elə səviyyəyə çatıb ki, ev oyunlarında üstünlük olur. Amma son vaxtlar bu tendensiya aradan qalxır və bəzən komanda səfərdə daha yaxşı çıxış edir”.
“Azərbaycan ölkə olaraq bizi çox yaxşı qarşıladı”
“Molde”nin baş məşqçisi Erlinq Moe isə Bakıdakı məğlubiyyəti belə şərh edib:
“Qarabağ”ın hücum futbolu oynadığını, bizi öndə sıxacağını bilirdik. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. “Qarabağ” qələbəyə layiq idi. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimə inanıram. Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də, müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.
Erlinq Moe komandaların qrupdan çıxmaq şanslarına da toxunub: “Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer”dir. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.
“Molde”nin çalışdırıcısı “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyə çempionu “Qalatasaray”la müqayisə edib: “Bu oyunda rəqib bizə çox az zona verdi. “Qarabağ” “Qalatasaray”la müqayisədə komanda şəklində daha yaxşı futbol göstərir. Sonda Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı nəticələnər”.


