Qurban Qurbanov: “İlk oyunun nəticəsi bizi aldatmamalıdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-offunda “Olimpiya” (Lyublyana) ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verri ki, o, bu gün baş tutan mətbuat konfransında futbolçularına güvəndiyini söyləyib:

“Qrup mərhələsi öncəsi son oyunumuzdur. İlk matçda qalib gəlmişik. Amma bu komandaya qarşı Bakıda daha da ciddi olmalıyıq. Çünki öz oyun üslubları var. Ona görə bir an belə, rahatlaşmaq olmaz. “Olimpiya”nın son çempionat matçına baxdıq. Uduzdular, amma hesab fərqli olmalı idi. Şanslardan istifadə edə bilmədilər. Futbolçuları bu oyuna tam kökləməyə çalışmışıq. Sabah yaxşı oyun və yaxşı mübarizə aparıb, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolçularıma inanıram, güvənirəm

İlk oyunda qeydə alınan nəticə bizi aldatmalı deyil. “Olimpiya”nın potensialı çox yüksəkdir. Sabah onlar çəkinməyəcək, riskə gedəcəklər. Biz daha aqressiv və ciddi olmalıyıq. Başqa şey haqda düşünməli deyilik. Futbolçular daha yaxşı bilir. Oyunu analiz etdik. Gördülər ki, 2:0 hesabı ilə qalib gəlsək də, asan olmayıb. Oyunun içində olmalıyıq”.

Qurban Qurbanov zədəli futbolçuların durumundan və transfer planlarından da söz açıb:

“Patrik Andrade iki həftədən tez qayıtmayacaq. Bədavi Hüseynov da bəlkə iki həftə sonra məşqlərə başlayacaq. Yüngül zədələr deyil. Hər ikisində vəziyyət cidddir.

Transfer bazarında son ana qədər işimizi davam etdirəcəyik. Bizə uyğun, faydalı oyunçu olsa, mütləq komandamızda görmək istəyərik. Futbolçular sıx qrafikdə oynayırlar. Ona görə əldə daha çox oyunçuya ehtiyac var. Komandanı gücləndirmək barədə indi daha çox düşünürük”.

Xatırladaq ki, bir həftə öncə Sloveniyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” Lyublyana təmsilçisinə 2:0 hesabıyla qalib gəlmişdi. Sabah keçiriləcək cavab görüşünə isə saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: