AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, yarımfinalın cavab oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov “Sabah” – “Qarabağ” oyununda baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib. O, “Qarabağ”ın qapıçısı Mateus Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib. Hakimlər Komitəsinin sədri görüşün sonundakı epizodda penalti olmadığını da vurğulayıb.
Xatırladaq ki, “Sabah” – “Qarabağ” oyununun baş hakimi Rəvan Həmzəzadə olub. Qarşılaşma “bayquşlar”ın 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. İlk oyunda 2:2 hesablı heç-heçə qeydə alındığı üçün, “Sabah” finala çıxan tərəf olub.
Digər yarımfinal cütündə isə “Zirə” “Turan Tovuz”u iki oyunun cəmində üstələyib – 2:0, 0:0.
Azərbaycan Kubokunun final görüşü mayın 13-də “Sabah”la “Zirə” arasında keçiriləcək.


