Dambrauskas: “Hakimlik də inkişaf etməlidir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncə “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Bir-birinə yaxın iki komandanın mübarizəsi idi. Oyunda demək olar ki, hər şey var idi. Əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışdıq. Düzdür, çətin anlarımımız oldu. Birinci hissədə bəzən topa nəzarət rəqibə keçirdi. Oyunda önəmli an buraxdığımız qol idi. Qoldan sonra çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq, sona qədər mübarizə apardıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bu qələbəni bir az qeyd edib, sabahdan bərpaya başlayacağıq. Bazar ertəsi bizi çox önəmli matç gözləyir. Düzdür, kubokda finala çıxdıq. Amma kuboku qazanmadıqca finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda beş çempionat oyunu var. Hələ görəcəyimiz işlər çoxdur.

akim qərarları barədə şərh verməyi xoşlamıram. Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu haqda danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır.

Final bir oyundan ibarətdir. Həyatımda hələ asan final görməmişəm. Nələrin baş verəcəyini indidən demək çətindir. Məncə, işimizi görməli və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Finallarda hətta aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. İnanıram ki, final günü maraqlı olacaq. Kim güclüdürsə, o da qalib gəlsin. Hazırda bunları unuduruq. Qarşıdan gələn çempionat oyununa fokuslanacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: