2025/2026-cı illər mövsümündəki uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.
Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.
O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.
Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vurmuş 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.
Qeyd edək ki, Azərbaycan Kuboku çərçivəsində evdə ən çox qola imza atmış komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.
“Qarabağ” üzərindəki qələbə ilə (2:1, ilk oyun 2:2) finala yüksəlmiş “bayquşlar” finalda “Zirə” ilə üz-üzə gələcəklər. Həlledici oyun mayın 13-də keçiriləcək.


