Rəşad Sadıqov: “Titul üçün daha çox şeyə ehtiyac var”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü “Zirə”nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün yaxşı başladı. Qol vurub, fərqləndik. 30-35 dəqiqə etibarlı müdafiə olunduq. Birinci hissənin sonunda rəqibə 2 qol epizodu verdik. O dəqiqələrə qədər təhlükəli hücumlarımız var idi. İkinci qolu vurmaq imkanımız var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Daha etibarlı keçirdi hər şey. 100 faizli qol epizodu vermirdik. O dəqiqələrdə rəqibin fantastik qolu oldu. Sonrakı dəqiqələrdə hücumda fəallaşdıq. İkinci qolu əks-hücumda buraxdıq. Futbolçularıma təşəkkür edirəm. Çox güclü rəqibə qarşı oynadıq. Hər şeyi etdilər ki, sevinən tərəf biz olaq. Amma vurulan qollar çox sualların cavabı idi. Yüksək ustalıqla vuruldu. Bu da rəqibin nə qədər güclü olduğunu göstərir.

Hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Yaxşı qələbə qazandılar, yaxşı fürsətləri var idi ki, “qızıl dubl” etsinlər.

Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, “Neftçi” bizdən 3 xal öndədir. Bizi “Araz-Naxçıvan” və “Sumqayıt”la ağır oyunlar gözləyir. Özümüzdə güc tapıb, çalışacağıq ki, sona qədər mübarizə aparacaq”.

Rəşad Sadıqov üç finalda məğlubiyyətlə üzləşmələrinə də münasibət bildirib:

“Hər üç finalda bəzi şeylər uğurlu getsəydi, üçündə də qalib olardıq. Üç final arasında oxşarlıq var. 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. 6 ilə bu nəticə qüruruvericidir. Futbolçularımla fəxr edirəm. Titul yoxdur, amma onu da başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: