Cəlal Hüseynov: “Qollarımı ailəmə həsr edirəm”

Azərbaycan millisinin və “Arda” müdafiəçisi Cəlal Hüseynov ötən gün “Botev”ə qalib gəldikləri oyun (2:1) haqda danışıb.

Arena.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, komandasının hər iki qolunun müəllifi olan və “Arda”ya vacib qələbə qazandıran 23 yaşlı futbolçu ən yaxşı günlərindən birini keçirdiyini deyib:

“İlk dəfədir dubl edirəm. Bu, mənim üçün ən yaxşı günlərdən biridir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirik ki, “Botev” yaxşı komandadır. Turnir cədvəlində bir-birimizə yaxınıq. Turnir cədvəlində aramızda daha böyük fərq yaratmaq üçün qalib gəlməli olduğumuzu anlayırdıq. Mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün yaxşı imkanlarımız var və bunu etməliyik”.

Cəlal Hüseynov dublu haqqında bunları deyib: “Bu, futboldur. Biz 11 futbolçu ilə oynayırıq. Vurduğum ikinci qolun mükəmməl ötürməsini Dimitar Velkovski vermişdi. Qolun sirri də budur. Bu qollarımı ailəmə həsr etmək istəyirəm”.

O, “Lokomotiv”ə qarşı keçirəcəkləri növbəti matç haqda fikirlərini bölüşüb:

“Bəlkə də onlar rotasiyalar edəcəklər. Görəcəyik. Amma həm növbəti oyunda, həm də son matçda yalnız 3 xal haqqında düşünməliyik. Və yalnız bu şəkildə şanslarımızdan yararlana biləcəyik”.

Millimizin üzvü Bolqarıstanda çətinlik çəkmədiyini, bolqar dilini öyrəndiyini söyləyib: “Mən bolqar dilini bilirəm. Danışmağı bacarıram, amma bir az utanıram. Paltardəyişmə otağında və komandada bolqar dilində danışıram və hər şeyi başa düşürəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: