Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, futzalçılarımız Bakı idman Sarayında Latviya yığması ilə qarşılaşıblar.
Üç gün əvvəl Lənkəranda qrupun favoriti hesab edilən Çexiya ilə əzmkar heç-heçə (2:2) etmiş və aktivinə ilk xalını yazdırmış komandamız Latviya ilə dueldə məğlub olub. Fasiləyə qədər qapısında 4 cavabsız top görən millimiz yekunda 1:5 hesabı ilə yenilib. Millimizin təsəlli qolunu Nihad İsmayılov vurub.
Komandamız qrupda sonuncu oyununu gələn il fevralın 27-də səfərdə Latviyaya qarşı keçirəcək. Hazırda aktivində 1 xal olan millimiz qrupda sonuncu pillədə qərarlaşıb. 5 xala sahib Çexiya liderdir. Latviya yığması isə 1 oyun az keçirib və 4 xalla 2-ci sıradadır.
DÇ-2028
Əsas mərhələ, 12-ci qrup
8 noyabr
Azərbaycan – Latviya 1:5
Qollar: Nihad İsmayılov, 36:02 – Urdis, 01:51; 8:04. Tarakanov, 6:47. Baklanov, 10:46. Mik Babris, 26:58.
Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakic (Hamısı Xorvatiya).
Timekiper: Hidayət Feyzullayev (Azərbaycan).
Hakim-inspektor: Angelo Qalante (İtaliya).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Bakı İdman Sarayı. Saat 20:00.


