Futbol üzrə Nigeriya milli komandasının və Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhen dizindən əməliyyat olunub.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ştutqart”la keçirilən oyunda (2:0) sol dizindən zədələnib.
Aparılan MRT müayinəsi zamanı futbolçunun dizində sərbəst fraqment aşkarlanıb. Bu səbəbdən Osimhen Türkiyə Super Liqasının 11-ci turunda “Amedspor”la keçirilən oyunun heyətindən çıxarılıb və onun artroskopik əməliyyat olunmasına qərar verilib.
“Qalatasaray”ın yaydığı son açıqlamaya görə, hücumçu klubun həkimi Yener İnce tərəfindən uğurlu əməliyyat keçirib.
Klub bildirib ki, Osimhenin vəziyyəti gündəlik olaraq qiymətləndiriləcək və futbolçunun müalicəsi komandanın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək. Onun yaşıl meydanlara qayıdacağı dəqiq tarix isə hələ açıqlanmayıb.
Xatırladaq ki, Viktor Osimhen cari mövsümdə “Qalatasaray”ın əsas hücum silahlarından biridir. Nigeriyalı forvard keçirdiyi 11 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


