“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Zaur Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən də ilk növbədə xalqımızın Zəfər Bayramını təbrik edirəm. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Oyuna gəldikdə, məncə, kifayət qədər dinamik və yaxşı mübarizə şəraitində keçən matç izlədik. Yenə çoxlu qol epizodları yaratdıq. İki dəfə fərqlənsək də, fərdi səhvlər ucbatından qapımızda iki qol gördük. Oyunumuz və komandanın inkişafı göz qabağındadır. Bütün bunları bir kənara qoyub, yəqin ki, haqlı olaraq mənim hakimlik barədə danışacağımı gözləyirsiniz. İstəmirəm hakimlər haqqında qərəzli fikrə düşüm, amma artıq məcburam bu haqda danışım, çünki son matçlarda bunu açıq şəkildə hiss edirik. Yadınızdadırsa, ötən oyunların birində qapımıza verilən penaltini Rəhim Həsənov özü də təsdiqlədi ki, yox idi. Təmiz penalti və ikinci sarı vərəqə verilməli olduğu halda rəqibə güzəştə gedildi. Bu oyunda isə baş verənlər göz qabağında idi. Hətta birinci vurduğumuz qol epizodunda baş hakim Əliyar Ağayev əvvəlcədən fit çaldı. Buna baxmayaraq, o, epizodu gözləyib sonradan dəyərləndirə bilərdi. Sanki kənardan hiss olunurdu ki, bütün mübahisəli məqamlarda üstünlük rəqibə verilir. Rəqib oyunçunun özü də etiraf edir ki, top əlinə dəyib, amma hakimlər israrla bunun əl deyil, çiyin olduğunu deyirlər. Təmiz qolumuz da qeydə alınmadı. Belə ögey münasibət hiss etmək istəmirəm. Bizim uşaqlar da əziyyət çəkirlər, vuruşurlar, meydanda hər şeylərini qoyurlar, lakin son iki oyunda baş verənlər açıq-aşkar dörd xalımızı əlimizdən aldı. Artıq bunu açıq deməkdən çəkinmirəm”.
“Klubun heç bir futbolçuya borcu yoxdur”
Zaur Həşimov öz səhvlərindən və klubda maliyyə problemlərinin olması barədə şayiələrdən də söhbət açıb:
“Bəsit qollar buraxırıq. Artıq neçənci matçdır ki, eyni hal təkrarlanır və bu, həqiqətən də tendensiyaya çevrilib. Bunların üzərində məşqlərdə və taktiki analizlərdə dayanırıq. Bilirsiniz, bəzi obyektiv səbəblər də var. Məsələn, əsas heyəti beş legionerlə qururuq, eyni zamanda heyətimizdə ötən mövsüm Birinci Liqada çıxış etmiş üç yerli futbolçumuz var. Mətbuatda açıq şəkildə deyə bilmədiyim bəzi məqamlar da mövcuddur. Amma bütün bunlara baxmayaraq, həmin problem bizi ciddi şəkildə narahat edir və həlli istiqamətində işlərimizi davam etdirəcəyik.
Maaşlar tam ödənilib. Sadəcə, yeni klub olduğumuz üçün hesabların açılmasında bəzi oyunçularla bağlı müəyyən gecikmələr yaşanmışdı. Amma hazırda bütün maaşlar ödənilib və klubun heç bir futbolçuya borcu yoxdur.
Mövcud büdcəmizə görə çox yaxşı kollektiv formalaşdırmışıq. Hətta mövsümün əvvəlində məğlubiyyətlər seriyası yaşayarkən bəzi legionerlərimizlə bağlı mübahisəli fikirlər var idi. Amma bu gün həmin oyunçulardan biri, Bafode Dansoko son iki oyunda möhtəşəm futbol sərgiləyir və bu matçda da qol vurdu. Konkret müdafiəçilərə gəldikdə, mən ümumi planda futbolçularımdan narazı deyiləm. Sadəcə, qol buraxılan epizodlardan əvvəl fərdi diqqətsizliklər baş verir ki, bu da nəticəyə təsir edir. Buraxılan qollar demək olar ki, oxşardır. Əsasən top itkilərindən sonra rəqibin ikinci topları qazanması və ya bəsit cərimə zərbələri ucbatından qapımızda qol görürük. Hazırda hər hansı yeni transferə və ya kəskin addıma ehtiyac görmürəm. Futbolçularla çalışıb bu problemlərin öhdəsindən gəlməliyik”.
“Qələbə qazana bilməsək də, oyundan razı qaldım” – Yuri Maksimov
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov isə məhsuldar heç-heçəyə belə şərh verib:
“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Ukraynada da hazırda müharibə gedir. Ona görə də bu vəziyyəti başa düşürük.
Dəyişkən oyun oldu. Zədəli futbolçularımız var idi. Qələbə qazana bilməsək də, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etmək üçün az futbolçumuz var idi. Çempionatda iki həftəlik fasilə olacaq. Zədəli futbolçular fasilədə bərpa olunub komandaya qoşulacaqlar. “Zirə” ilə matçda da üç futbolçumuz zədələndi. İki həftəlik fasilədə onlar qayıdacaqlar. Yenə də məşqlərimizi davam etdirəcəyik. Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq”.


