Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 14-cü turu çərçivəsində “Antalyaspor”la qarşılaşıb.
Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib və xal itirib – 1:1. Toral görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu bu görüşdə avtoqolla yadda qalıb. O, 45+6-cı dəqiqədə gözlənilməz zərbə ilə topu öz qapısına göndərib.
“Bursaspor” hazırda 32 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 14 oyunda 10 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 11 oyun keçirib, 1 məhsuldar ötürmə və 1 avtoqolla yadda qalıb.
2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 46 oyunda 5 qola imza atıb, 6 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.


