“Kəpəz”in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, Azərbaycan Premyer Liqanın 11-ci turunda ötən gün “Neftçi” ilə qarşılaşmış və 0:1 hesabıyla məğlub olmuş “sarı-göylər”in futbolçuları 4 günlük istirahətə buraxılıblar. Komanda üzvləri istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında Birinci Liqa təmsilçisi “Gəncəbasar”la qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Kəpəz” cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkir. Gəncə təmsilçisi bu mövsüm keçirdiyi 10 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətlə üzləşib. 17 xalı olan komanda yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


