Qurban Qurbanov “Turan”a məğlubiyyətə aydınlıq gətirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımız qarşısında yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. “Turan Tovuz” bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

Futbolçularımız daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqla bağlı çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır.

Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. “Turan Tovuz”a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə matçdan sonra bunları dilə gətirib:

“Qələbəyə görə şadıq. Amma çox şeydən keçməli olduq, müdafiədə çox oynadıq. “Qarabağ” çox güclü komandadır. Hər oyun xüsusi hazırlıqdır. Mən daha çox uşaqlara görə sevinirəm. Onlar özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olur. İstənilən oyun fərqli cərəyan edir.

Faiq Hacıyev də digər oyunçular kimi komandamızın üzvüdür. Hamı öz şansını gözləyir. Faiq çox yaxşı məşq edir. Amma onun mövqeyində Xorxe Silva oynayır, o da yaxşı təsir bağışlayır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: