İtaliyalı futbol mütəxəssisi Salvatore Bokketti Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi 39 yaşlı çalışdırıcı ilə anlaşdığını açıqlayıb.
Tərəflər arasında müqavilənin müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib.
Bokkettinin qarşısına əsas vəzifə kimi komandanın turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq qoyulub. “Fatih Karagümrük” hazırda Türkiyə çempionatının ikinci liqasında mübarizə aparır. Komanda 13 turdan sonra 16 xal toplayıb və 11-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi bu mövsüm 4 qələbə qazanıb, 4 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.
İtaliyalı mütəxəssis daha əvvəl “Verona” və “Monza”nı A Seriyasında çalışdırıb. Onun son iş yeri isə “Atalanta”nın U-23 komandası olub.
Salvatore Bokketti futbolçu kimi “Milan”, “Cenoa”, “Rubin” (Kazan) və “Spartak” (Moskva) klublarında çıxış edib.


