Rəşad Sadıqov: “Qəbələ”nin müdafiəisini yarmaq asan deyildi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna olduqca yaxşı başladıq, erkən qol vurduq. Qoldan sonra üstünlük rəqibin tərəfinə keçdi. Birinci hissənin sonuna qədər aqressiv pressinq tətbiq edirdilər. Buna görə ilk yarıda oyunumuz alınmırdı. Fasilədən sonra oyun dəyişdi və tədricən üstünlük bizə keçdi. 60-cı dəqiqədən sonra meydanda istədiyim “Zirə”ni görürdüm. Çoxsaylı hücumlar edirdik. Amma rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra “Qəbələ”də irəliləyiş var. Bilirdik ki, bu gün oyun bizim üçün ağır keçəcək. Davit Volkovun yaxşı epizodu oldu. Sonda Vieyrinya – Kris Diqbeu kombinasiyası ilə müdafiəni yarıb qol vura bildik. Önəmli 3 xal qazandıq.

Oyuna 4-2-3-1 sistemi ilə hazırlaşırdıq. Əsas heyətdə İsmayıl İbrahimli ilə İssa Cibrilla başlamalı idi. Amma iki gün öncə hər ikisi zədələndi. Məcburiyyətdən beşli sistemə keçdik. Düşündük ki, oyunun ikinci hissəsi önəmli olacaq. Ona görə də Krislə Vieyrinyanı ikinci yarıya saxladıq. Belə şeyləri düşünürük. Amma yüz faiz zəmanət yoxdur ki, effektli alınacaq”.

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur.

Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var.

Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət alması münasibətilə təbrik edirəm. O, keyfiyyətli futbolçudur. Uzun zamandır bu klubda çıxış edir. Onun bu səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: