“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının 11-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözühedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Kandido matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu günə qədər ancaq “Qarabağ” və “Neftçi” bu meydanda qələbə qazana bilib. Turnir cədvəlinə də nəzər salsaq, bizim üçün vacib oyun oldu. Fikrimcə, rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində bundan da çox epizod yarada bilərdik. “İmişli”nin də imkanları var idi. Buna baxmayaraq, qapını toxunulmaz saxlamağımız da önəmli idi. Fasilədən sonra qol vurduq, amma cüzi məsafədə ofsayd qeydə alındı. Son üç oyunda uduzmamışıq. Fikrimcə, çempionatdakı bütün rəqiblər bir-birinə bərabərdir. Hər kəs qələbə qazanmaq gücündədir. İndiki vəziyyət bizi narahat edir, amma gəlin baxaq, ötən ilin əvvəlində komanda harda idi, sonda harda oldu.
Hücumçularımız zədəlidir. İmani Barkerin müəyyən bacarıqları var, düşündük ki, son dəqiqələrdə irəlidə aktivlik yarada bilər. Ancaq sanki komanda yoldaşları onu başa düşmürdü”.
“İmişli”nin baş məşqçisi Ervin Perkon isə heç-heçəyə belə şərh verib:
“Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabər səviyyəli oyun getdi. Matç planlaşdırdığımız kimi alınmadı. Xüsusilə də, birinci hissə istədiyimiz kimi keçmədi. İkinci hissə daha yaxşı oynadıq. 100 faizli qol epizodumuz olmadı, amma şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu olmasa da, futbolçuların performansından razıyam.
Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi, artıq qalib gəlməyə başladıq. Məncə, hər şey oyunçuların meydanda qoyduğu performansdan asılıdır, motivasiyaları yüksəkdir”.


