Can Naibov Azərbaycanın U-21 millisində!

Rusiyanın “Kosmos” (Ximki) klubunun mərkəz hücumçusu Can Naibov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, U-21 millimizin heyətinə yeni futbolçu cəlb olunub. Naibov artıq yığmamızın düşərgəsinə qoşulub.

Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 17-nə qədər Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Hazırlıq prosesi çərçivəsində komandamız Omanın U-23 milli komandası ilə iki yoxlama oyunu keçirəcək. Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Daha öncə bu toplanış üçün 24 futbolçuya dəvət göndərildiyi diqqətə çatdırılmışdı. Həmin siyahıda ölkə xaricində çıxış edən daha bir neçə futbolçunun yer aldığı diqqət çəkmişdi:

Timur Vəliyev – Master-Saturn (Rusiya)
Həsən Məmmədli – Rot-Vays Oberhausen (Almaniya)
Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
Əli Xəlilov – Aleksandriya (Ukrayna)
Müzəffər Qurbanov – Dnepr (Belarus)
Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)

Can Naibovla millimizə dəvət almış legioner futbolçuların sayı 7-yə, bütövlükdə isə 25-ə çatıb.

Qeyd edək ki, Can Naibov Rusiyanın “Dinamo” (Moskva) klubunun yetirməsidir. 18 yaşlı forvard 2026-cı ilin avqust ayından “Kosmos”da çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: