Rayola: “Bu, PSJ kimi bir klub üçün adi haldır”

PSJ-nin italyan qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola parislilərin rusiyalı ehtiyat qapıçısı Matvey Safonov haqda danışıb.

Arena.az Rayolanın bu barədə fikrini təqdim edir:

“PSJ kimi bir klub üçün daha bir vacib qapıçıya malik olmaq adi haldır. Axı əsas qapıçının başına nə gələ biləcəyini heç vaxt bilə bilməzsəzsən”, deyə Rayola vurğulayıb.

Donnarummanın agenti müştərisinin Paris klubundakı gələcəyi ilə də bağlı açıqlama verib:

“PSJ ilə müqavilə müddətinin uzadılması bizim üçün ən üstün tapşırıqdır”, deyə Rayola bildirib.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 30 oyuna çıxıb, 28 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 144 oyun, 141 buraxılmış qol və 48 “quru” oyundan ibarətdir.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Matvey Safonov isə PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov cari mövsümdə PSJ-nin heyətində 12 oyuna çıxıb. O, bu oyunlarda 7 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: