Renat Dadaşov Türkiyə klubunu Polşa təmsilçisinə dəyişir

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Polşanın “Radomyak” klubunda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

İddiaya görə, 25 yaşlı forvard “Radomyak”a keçir. Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Hücumçu artıq bu transferi tamamlamaq üçün Polşaya yollanıb.

Qeyd edək ki, “Radomyak”da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir. O, cari mövsümün əvvəlində qoşulduğu Polşa klubunun heyətində 14 oyuna çıxıb.

Rahil Məmmədovun komandası Polşa çempionatında geridə qalmış 22 turdan sonra topladığı 24 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 22 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Renat Dadaşova gəlincə, millimizin üzvü cari mövsümün əvvəlindən Türkiyənin “Ankaragücü” klubunun şərəfini qoruyurdu. Lakin bir müddət əvvəl onun əsas komandadan kənarlaşdırıldığı və transferə çıxarıldığı barədə xəbərlər yayılmağa başlamışdı. Hücumçunun Ankara təmsilçisinin son oyunlarında iştirak etməməsi də deyilənlərin əsassız olmadığını göstərir. Bir neçə gün öncə isə Türkiyə mətbuatı Renatın “Ankaragücü” ilə müqaviləsini ləğv etdiyi barədə də məlumat yayılmışdı. Amma Türkiyə klubu hələlik bu barədə heç bir rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 34 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: