“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı Portuqaliya mətbuatına açıqlama verib.
2012-ci ildən Azərbaycan klubunun formasını geyinən yarımmüdafiəçi “Braqa” barədə xoş fikirlər səsləndirib:
“Portuqaliyaya gedəndən bəri həmişə “Braqa”ya rəğbət bəsləmişəm. Alan, Lima, Salino, Uqo Viana ilə super komanda qurdular, “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. “Braqa” sabitdir, fəlsəfələrinə uyğun və fərq yaradan oyunçuları seçirlər. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçular var”.
Rəqibin heyətində bir neçə oyunçunu fərqləndirən Azərbaycan millisinin sabiq üzvü, bununla belə, hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib:
“Alvaro Djalo, Rikardo Horta, Xose Fonte, Mateus, Simon Banzanın adını çəkə bilərəm. Böyük potensiala malik Vitor Karvalyonu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Son illər yetişən gənclər də var. “Braqa” “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur.
Bu gün yaxşı oyun proqnozlaşdırıram. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Riçard Almeyda “Qarabağ”da 343 oyun keçirib, 58 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Azərbaycanda “Zirə”nin də formasını geyinmiş təcrübəli yarımmüdafiəçi “Jil Visente”, “Astana”, “Baniyas” və “Santo Andre” kimi klubların formasını geyinib. O, Azərbaycan millisində 31 oyuna 3 qol vurub.


