Roberto Mançini gedişində federasiya prezidentini ittiham etdi

Roberto Mançini İtaliya yığmasının baş məşqçisi vəzifəsindən getməsinə görə federasiya prezidenti Qabriel Qravinanı ittiham edib.

Arena.az “Football Italia” dərgisinə istinadən Mançininin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən ona izah etdim ki, bu aylar ərzində mənə dəstək olmaq və sakitləşdirmək lazım idi, amma o, bunu etmədi və mən işdən çıxdım. Bunu daha əvvəl etmək lazım idi? Ola bilər. Amma mən yığmanı növbəti oyuna üç yox, 25 gün qalmış tərk etdim. Qravina bütün ili mənim heyətimi dəyişdirməyə çalışdı. Ona dedim ki, o, ən çoxu bir cüt yeni sima əlavə edə bilər, amma mənim işləyən və qələbə qazanan qərargahımın iki üzvünü çıxara bilməz. Hər halda, işçilərimdən birinin dəyişdirilməsi ilə bağlı qərarı məhz mən qəbul etməliyəm.

Qravina hər şeyə məndən tamam fərqli baxırdı. Məni sırf öz qərarıma görə yığışdırdılar. Mən prezidentə siqnal göndərmək istədim. O, istəsəydi, mənə kömək edə bilərdi”, deyə Mançini narazılığını büruzə verib.

Xatırladaq ki, Roberto Mançini İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriel Qravina ilə fikir ayrılığı səbəbindən avqustun 13-də yığmanın baş məşqçisi vəzifəsindən istefa verib. Mançini Qravinanın, onun seçdiyi və Avropa çempionatında qalib gəldiyi köməkçiləri ilə işləmək imkanından məhrum etməsindən narazı olduğu üçün bu addımı atıb. Mançini və İtaliya yığması əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam veriblər.

İstefasından sonra Roberto Mançininin Səudiyyə Ərəbistanı yığmasını çalışdıracağına dair məlumatlar yayılıb.

Xəbəri istədiklərinizlə paylaşın