Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini gözlənilməz şəkildə vəzifəsindən getdiyini açıqlayıb.
Arena.az xəbər verir ki, o, bununla bağlı ötən gecə İtaliya Futbol Federasiyasının rəhbərliyinə müraciət edib.
58 yaşlı mütəxəssisin istefası federasiya rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Artıq yeni baş məşqçi axtarışlarına start verildiyi diqqətə çatdırılıb. Məlumata görə, Mançininin varisi “yaxın bir neçə gündə” seçiləcək.
Xatırladaq ki, Roberto Mançini 2018-ci ilin may ayından İtaliya yığmasına rəhbərlik edirdi. O, həmin vaxt bu vəzifədə DÇ-2018-ə vəsiqəni təmin edə bilməyən Can Pyero Venturanı əvəzləmişdi.
Mançinin rəhbərliyi altında İtaliya yığması 2020-ci il Avropa çempionatının finalında “Uembli”də İngiltərə yığmasını penaltilər seriyasında məğlub edərək, turnirin qalibi olub. Həmçinin Mançini İtaliya yığmasına UEFA Millətlər Liqasının 2021 və 2023 mövsümündə bürünc medallar qazandırıb.
O, bu komandanı bütövlükdə 61 oyuna çıxarıb. Milli bu görüşlərdə 39 qələbə qazanıb, 13 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Mançininin rəhbərliyi altında İtaliya yığması 37 oyunluq məğlubiyyətsizlik silsiləsi ilə dünya rekorduna imza atıb. Ancaq buna rəğmən, onun rəhbərlik etdiyi kollektiv 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyərək, biabırçılığa uğrayıb.
Mançini daha öncə “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, klub səviyyəsində də uğurlu məşqçiliyi ilə yadda qalıb. İtalyan mütəxəssis “İnter” və “Mançester Siti”ni uğurla çalışdırıb. İtalyan mütəxəssis 2012-ci ildə “Mançester Siti”yə ilk Premyer Liqa çempionluğunu qazandırıb. Məhz klub səviyyəsində uğurlu məqamlar onun İtaliya yığmasına təyinatında xüsusi rol olynayıb.
İtaliya yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində mart ayında Qaret Sautqeytin çalışdırdığı İngiltərə yığmasına məğlub olub (1:2) və hazırda qrupda üçüncüdür. “Skuadra adzurra”nı sentyabrın 9-da Şimali Makedoniya, 12-də isə Ukrayna yığması ilə oyunlar gözləyir.



