Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasında – Rəsmi

Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Roberto Mançini bundan sonra Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq.

Arena.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə Mançininin videotəqdimatını yayımlayıb.

Daha əvvəl jurnalist Nikolo Skira məlumat vermişdi ki, italyan mütəxəssis Səudiyyə Ərəbistanı yığması ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayacaq. Roberto Mançininin əməkhaqqı illik 20 milyon avro olacaq.

Xatırladaq ki, Mançini avqustun əvvəlində İtaliya yığmasının baş məşqçisi vəzifəsindən istefa vermişdi. İtalyan mütəxəssis istefasında İtaliya Futbol Federasiyanın (FIGC) rəhbəri Qabriel Qravinanı təqsirləndirmişdi. Mançini Qravinanı çalışdırıcının tabeliyində olan məşqçilər qərargahına müdaxiləsini əsas gətirərək, könüllü surətdə işindən əl götürmüşdü.

Mançini 2018-ci ilin mayından 2023-cü ilin avqustuna qədər İtaliya yığmasını çalışdırıb. İtalyan mütəxəssisin uğurlu fəaliyyəti ilə “skuadra adzurra” AÇ-2020-nin qalibi olmağı bacarıb. Bununla yanaşı, Mançini İtaliya yığması ilə UEFA Millətlər Liqasında 2 dəfə bürünc medal qazanıb (2021, 2023). Roberto Mançininin çalışdırdığı kollektiv 2022-ci ildə Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda dünya çempionu Argentina yığmasına 0:3 hesabı ilə məğlub olaraq, gümüşlə kifayətlənmişdi.

Roberto Mançini məşqçilik karyerası ərzində İtaliyanın “Fiorentina”, “Latsio” və “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Rusiyanın “Zenit” (Sankt-Peterburq) klublarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.

Xəbəri istədiklərinizlə paylaşın